ABŞ mediası PKK liderinin məqaləsini yaydı
04.07.2019
Bu gün ABŞ bölgədə hətta terrora açıq şəkildə qarışmış kürd qrupları dəstəklədiyi üçün bu ölkədə dərc edilən qəzetlər də bu yolu gedir və terrorçuya meydan verir.
Bu sözləri media eksperti Ələsgər Əhmədoğlu PKK terror təşkilatının başçısı Cəmil Bayıkın "Vaşinqton Post” qəzetində dərc edilən məqaləsi ilə bağlı danışarkən deyib.
Ə.Əhmədoğlu bildirib ki, qəzet etik standarları gözləməyib:
"ABŞ-ın terror təşkilatı siyahısına saldığı və başına pul mükafatı qoyduğu PKK-nın başçısı Cəmil Bayıkın "Vaşinqton Post” qəzetində dünən məqaləsi yayılıb. Terrorçu elan edilən təşkilatın terrorçu liderinin düşüncələri terroru təbliğ sayılmalı olduğu halda, "Vaşinqton Post” qəzeti heç bir etik standartı gözləməyib. Əminəm ki, "Vaşinqton Post” qəzeti Bin Ladinin də məqaləsini yayardı.
Medianın bu davranışı dövlətin siyasətindən nə qədər müstəqil olduğu mübahisəsini yaradır. Bu gün ABŞ bölgədə hətta terrora açıq şəkildə qarışmış kürd qrupları dəstəklədiyi üçün ABŞ-da dərc edilən qəzet də bu yolu gedir. Hətta etik standartı bir tərəfə qoyaraq, terrorçuya meydan verə bilir. Hər halda bu səbəblərdəndir ki, ABŞ media azadlığı indeksində "geriyə doğru” irəliləyir”.