Putin ABŞ-la raket müqaviləsini dayandırdı
03.07.2019
Rusiya Prezidenti Vladimir Putin "Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilənin (OYMRM) dayandırılması barədə qanunu imzalayıb.
"RİA Novosti” xəbər verir ki, müvafiq sənəd hüquq informasiyasının rəsmi internet-portalında dərc edilib.
"SSRİ və ABŞ arasında 8 dekabr 1987-ci il tarixində Vaşinqtonda imzalanmış "Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqavilənin fəaliyyəti dayandırılsın”, - sənəddə deyilir.
Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xatırladaq ki, Vaşinqton bu ilin əvvəlində müqavilədən təktərəfli qaydada çıxıb. ABŞ Rusiyanı müqaviləni uzun müddət pozmaqda ittiham edib. Moskva isə bütün ittihamları rədd edib.