Prezident İlham Əliyev Trampa məktub göndərdi
03.07.2019
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub göndərib.
"Dövran Media" məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır.
Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir.
Bütün bunlarla yanaşı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah diləyirəm".