Trampın “quyusu qazılır”
10.01.2018
Amerika prezidentinin Rusiya ilə əlaqələri ifşa ərəfəsində...
ABŞ-ın prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək. Bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Qidli jurnalistlərə bildirib.
"Şübhəsiz ki, prezident Tramp növbəti seçkilərdə yenidən prezident postu uğrunda mübarizə aparmaq niyyətindədir”, deyə Ağ Ev rəsmisi qeyd edib. ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller dövlət başçısını dindirilməyə çağırmağa hazırlaşır. Hazırda ABŞ prezidenti ilə xüsusi prokuror arasında keçiriləcək görüşün məkanı müəyyənləşdirilir.
ABŞ prezidentinin administrasiyasında məlumatı şərh etməsələr də, məsələ ilə bağlı xüsusi prokurorla əməkdaşlıq etdiklərini qeyd ediblər.
"Sabah” qəzeti isə yazır ki, "Bu proses hər kəsin proqnozlaşdırdığından daha sürətlə irəliləyir”. Nəşrin xəbərində Trampın seçki kampaniyasının rəhbəri Paul Manafort və köməkçisi Rick Gatesin, həmçinin Ağ Evin keçmiş Milli Təhlükəsizlik Məsləhətçisi Maykl Flynnin də günahlandırıldığı bildirilir. Xəbərdə o da deyilir ki. Trampla prokuror Müller arasında gərginlik ötən ilin son günlərində artıb. Bunun ardınca Tramp prokuror Mülleri vəzifədən çıxaracağı barədə yayılan xəbərləri təkzib edib. Ağ Ev isə Rusiya ilə bağlı iddiaları rədd edərək, bunu rusların "əcinnə ovu” adlandırıb.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller ötən ilin mayında "Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Xatırladaq ki, 2016-cı ilin yayında Donald Trampın oğlu prezidentliyə demokrat namizəd Hillari Klinton barədə kompromatlar almaq üçün Natalya Veselnitskaya ilə gizli görüşüb. Bu görüşü Emin Ağalarov təşkil edib. Belə ki, Emin Ağalarov atasının "baş prokurorda” Hillari Klinton barədə kompromatlar olduğu barədə məlumatını çatdırıb. Həmin kompromatları əldə etmək üçün Trampın oğlu və komandasının bəzi üzvləri rusiyalı hüquqşünasla görüşüblər, ancaq onların bildirdiyinə görə, əslində Veselnitskayada Klinton barədə kompromatların olmadığı üzə çıxıb. Bu görüşün amerikalı iştirakçıları dəfələrlə Senatın xüsusi komissiyasına və Müllerin komandasına ifadə veriblər.
"Yeni Müsavat” isə xatırladır ki, 2017-ci ilin son günlərində Trampın "Rusiya istintaqı”nı aparan xüsusi səlahiyyətli prokuror "”Robert Mueller’in vəzifəsinə son verəcəyi iddia edilmişdi.
ABŞ mətbuatı Trampın bu təşəbbüsü Konqresin Milad bayramlarında olduğu zaman həyata keçirəcəyini yazmışdı. Demokrat Partiyasının Kaliforniya üzrə nümayəndəsi Adam Schiff da iddiaları təsdiqləyərək ABŞ Konqresində bu ehtimalın danışıldığını söyləmişdi. Schiff "Konqresdəki dedi-qoduya görə, prezident bu həftə böyük bir çıxış etməyə hazırlaşır. 22 dekabr bizim Vaşinqtonda olmayacağımız bir gündür və o gün prezident Mülleri işdən azad edə bilər” deyib.
ABŞ mətbuatındakı iddialardan başqa Trampın seçkilər dönəmində vəkilliyini edən Kory Langhofer, Senatın Milli Təhlükəsizlik Komitəsinə bir məktub yazaraq Rusiya istintaqın aparan Müllerin səlahiyyəti olmadığı halda Trampın kampaniyasına aid on minlərlə e-poçt və faylları əldə etdiyini qeyd edib.
Langhofer Senata yazdığı məktubda "Bizə hər hansı bir məlumatlandırma etmədən bu sənədləri istifadə etməyə davam etmişdir” - deyə, qeyd edib.
Qeyd edək ki, Tramp Müllerdən əvvəl Rusiya istintaqını aparan Federal Təhqiqat Bürosunun (FBI) direktoru James Comey’ni vəzifəsindən azad etmişdi.
2017-ci ilin avqust ayında Müller öz səlahiyyətlərini genişləndirmək və araşdırmaları sürətləndirmək üçün böyük jürininin iclasını çağırmışdı. Bu, araşdırmanın yeni mərhələyə keçməsi kimi anlaşılırdı.
Böyük jüri (münsiflər) - adi vətəndaşlardan ibarət qrupdur və onlar mümkün qanun pozuntuları barədəki məlumatları öyrənərək ittiham irəli sürüb-sürməmək barədə qərar verirlər. Müller yeni səlahiyyətlər alsa, xüsusi prokuror bundan sonra şahidləri çağıra, məhkəmə üçün sorğular və çağırışlar edə və sənədlər tələb edə bilərdi.
Ötən il ərzində jüri Trampın oğlunun (Donald Tramp- kiçik) rusiyalı vəkil Natalya Veselniskaya ilə 2016-cı ilin iyununda baş tutan görüşü ilə bağlı şəxslərə çağırış vəsiqəsi göndərmişdi.
Həmin danışıqlarda Trampın kürəkəni Cared Kuşner və onun seçki kampaniyasının rəhbəri Pol Manafort iştirak etmişdi. İstintaqın ilkin məlumatına görə, Veselniskaya Trampın qərargahına demokratların prezidentliyə namizədi Hillari Klinton barədə Rusiya hökuməti tərəfindən toplanan kompromatları təklif edib.
Moskva və Tramp Rusiyanın seçkiyə müdaxiləsini təkzib etsə də, Müllerin jüri çağırması bunun əksini xəbər verirdi. Keçmiş prokuror Pol Kallana görə, bu, xüsusi prokurorun cinayətin törədilməsi ilə bağlı ittihama bəhanə verəcək hansısa informasiyanın üstünü açdığını göstərirdi.
Sevinc TELMANQIZI,