Göyçaydakı istefalarla bağlı açıqlama
01.07.2019
Göyçay rayon İcra Hakimiyyəti 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İcra Hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin ərizə nümunəsi və siyahıda qeyd olunan şəxslər adından yayılan informasiya həqiqəti əks etdirmir:
"Yayılan məlumatlar tamamilə yalandır. İcra Hakimiyyətinə heç bir ərizə daxil olmayıb. Ola bilməz ki, eyni vaxtda bu qədər adam, xüsusilə, əksəriyyəti inzibati ərazilərin nümayəndələri olan şəxslər səhhətində problem yaşasın.
Biz siyahıda adları qeyd edilənlərlə əlaqə saxlamışıq. Onların heç biri ərizə yazmadığını bildirib. Həmin ərizə nümunəsi və imza isə naməlum şəxs və ya şəxslər tərəfindən hazırlanıb, yəni saxtadır. Bu, rayonda görülən kompleks tədbirləri və inkişafı gözü götürməyən şəxslər tərəfindən hazırlanan təxribatdır”.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə və mediada Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, rayonda müxtəlif vəzifələri icra edən 50-yə yaxın şəxs icra başçısına ərizə ilə müraciət edərək, səhhətlərindəki problem səbəbindən işdən azad edilmələrini xahiş edib.
Siyahıda adı keçən şəxslər müxtəlif kəndlərin icra nümayəndəsi, müavin və mühasiblərdir.