Əsədin həbsxanasında qandonduran olaylar
01.07.2019
Bəşər Əsəd rejiminin həbs etdiyi Nur Nədim Mulhim adlı qadın həbsxanada olarkən başına gələn qandonduran olaylardan danışıb.
Qadın "Anadolu" agentliyinə müsahibəsində "müxaliflərlə cihad nikahına girməkdə" ittiham edildiyini və buna görə dəhşətli işgəncələrə məruz qaldığını deyib.
"Bizə ağır işgəncələr verirdilər. Həbsxanada namaz qılmaq, oruc tutmaq qadağan edilmişdi. Əllərim, gözlərim bağlı halda məni döyüb təhqir edirdilər. Məcbur edirdilər ki, törətmədiyim cinayətlərin məsuliyyətini üzərimə götürüm. Razı olmayanda isə döyürdülər", - o bildirib.
Mulhim edam cəzasından son anda xilas olduğunu sözlərinə əlavə edib. O bildirib ki, həbsxanada müxalif qüvvələrin tərkibində vuruşmuş kişiləri elektrik cərəyanına qoşurdular.