Səfirimiz qətərli nazirlə görüşdü
27.06.2019
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov və Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie arasında görüş keçirib.
Görüş zamanı hər iki ölkənin dövlət başçıları və nazirlər səviyyəsində qarşılıqlı səfərlərin Azərbaycan Respublikası və Qətər Dövləti arasında siyasi, iqtisadi və texniki əlaqələrin inkişafına töhfə verdiyi və mövcud hüquq-müqavilə bazası əsasında artan istiqamətdə inkişaf etdiyi qeyd olunub.
Eyni zamanda, görüşdə iki ölkə arasında ekologiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edildi və ticarət zamanı tələb olunan sənədlərin o cümlədən, diri heyvan və heyvan məhsulları üçün nəzərdə tutulan baytarlıq sertifikatlarının qarşılıqlı tanınması üçün müvafiq tədbirlərin görülməsinin ticarət əlaqələrinin inkişafına əlavə stimul verəcəyi bildirildi.
Sonda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaie ünvanlanmış dəvət məktubunun əsli nazirə təqdim olundu.