03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xəzərin səviyyəsi endi: Təhlükə varmı? - Nazirlik

26.06.2019

Hazırda Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur.
Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Xəzər dənizi qapalı hövzə olduğundan periodik olaraq səviyyə dəyişmələri baş verir. Dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur. Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni azalıb-çoxalma, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir.
R.Səttarzadə əlavə edib ki, sonuncu dəfə ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb: "1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə ğörə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb. Bu sahəni tədqiq edən alimlərin fikrincə, Xəzər dənizinin artıb-azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil. Çünki adətən bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə AMEA-nın alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək”.
Şöbə müdiri onu da qeyd edib ki, dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara dənizin səviyyəsi barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini duruma uyğun planlaşdıra bilsinlər.
Hazırda Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur.