ABŞ-dan Xameneiyə SANKSİYA
25.06.2019
ABŞ Prezidenti Donald Trampın sərəncamına əsasən, İrana qarşı yeni sanksiyalar tətbiq olunub.
Prezidentin sərəncamına əsasən İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei, Hərbi Dəniz Qüvvələrinin komandanı Ali Rza Təngsiri, Hərbi Hava Qüvvələrinin komandanı general Əmi Əli Hacızadə, Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpur və digər 5 generala qarşı sanksiya tətbiq edilib. Fars informasiya agentliyinin xəbərinə görə, yaxın günlərdə ABŞ İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin adını da sanksiyalar siyahısına salacaq.
ABŞ-ın Maliyyə Nazirliyinin verdiyi açıqlamada deyilir ki, bu sanksiyalar İranın milyardlarla dollar həcmindəki aktivlərinin donmasına səbəb olacaq. Açıqlamada o da vurğulanıb ki, əgər İran danışıqlar masasına oturub rəsmi Vaşinqton ilə qeyd-şərtsiz dialoqa başlasa sanksiyalar yumşaldılacaq.
İran Prezidenti Həsən Ruhani milli televiziyaya verdiyi müsahibəsində bildirib ki, İranın dözüm nümayiş etdirməsi onun qorxması demək deyil. Prezident sanksiyaları humanizmdən və insanpərvərlikdən uzaq adlandıraraq onların heç bir təsirinin olmayacağını bəyan edib.
Həsən Ruhani ABŞ hakimiyyətini təmsil edənləri ağılsız adlandırıb.