İspaniyalı futbolçu “Qarabağ”da - İLK TRANSFER
24.06.2019
"Qarabağ” futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Klubun məlumatına əsasən, Ağdam təmsilçisi ispaniyalı futbolçu Xayme Romero Rodrigesi heyətinə cəlb edib. Xayme ilə üç illik müqavilə imzalanıb.
Yeni transfer komandada "9” nömrəli forma ilə çıxış edəcək.
Karyerasına "Albasete”də başlayan 28 yaşlı futbolçu, həmçinin, "Saraqosa”, "Real”ın B komandası, İtaliyanın "Bari” və "Udineze” kimi klublarının şərəfini qoruyub. "Deportivo Luqo”da icarədə oynayan Xayme son olaraq ölkəsinin "Kordoba” klubunda çıxış edib.
Xayme transferi haqqında təəssüratlarını bölüşüb:
"Qarabağ” kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqqında məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm.
"Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempion olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin, klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm, həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim”.
İspan oyunçu bildirib ki, belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldır:
"Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir. Cəmi iki həftə istirahətim olub, fiziki cəhətdən özümü yaxşı hiss edirəm.
"Partizani” ilə oyuna qədər digər komanda yoldaşlarım kimi olmasa da, istənilən səviyyədə olmaq üçün tam gücümlə çalışacağam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm”.