Çin İslam dininə qarşı - məscidlər sökülür + FOTO
20.06.2019
BBC telekanalının Çinə ezam olunmuş xüsusi müxbiri Con Sadvort ( John Sudworth) ölkədə İslam dininə qarşı təqiblərin güclənməsinə dair yeni faktlar aşkarlayıb.
Məlumata görə, Çinin Sincan əyalətinin qərbində məscidlər kütləvi şəkildə sökülür.
2017-2019-cu illər ərzində çəkilmiş peyk təsvirlərini təhlil edən müxbir buna misal kimi infrastruktur-inkişaf layihəsi adı altında tamamilə sökülmüş Aitika məscidini göstərir. Jurnalist geniş sahəni tutan və hər tərəfdən hasarlanmış tikinti yerinə daxil olmaq istəsə də, onu yaxına buraxmayıblar.
Müxbir 2015-ci ildə Kah məscidinin yaxınlığında çəkiliş apardıqlarını xatırladıb.
"Həmin vaxt cavanlı-qocalı saqqal saxlayan müsəlmanlara rast gəlmək olurdu, üstündən dörd il keçib, kişilərin təmiz təraş olduğunu görürük. Üstəlik, bu mənzərəni namaz ərəfəsində müşahidə etdik”, - deyə müxbir qeyd edir.
Materiala əsasən, təqiblərlə əlaqədar ibadət üçün məscidə gələn insanları sayı da əhəmiyyətli dərəcədə azalıb.
Materialda aztəminatlı müsəlmanların kompakt şəkildə yaşadığı yaşayış məhəllələrinin söküldüyü bildirilir.
Mərkəzi hökumət müsəlmanlara qarşı repressiyalarla bağlı yayılan məlumatları təkzib edərək, məhdudlaşdırıcı ölçülərin İslam dininə yox, yalnız dini ekstremizmə qarşı yönəldiyini bildirib.