İran: "ABŞ öhdəlilkləri yerinə yetirmir"
05.04.2018
"Biz Fələstin xalqına qarşı zorakılığı pisləyirik. İsrail qlobal təhlükəsizliyə təhdid olmağa davam edir. Şərqdə stabilliyin pozulması ekstremizm və zorakılığa gətirib çıxarır".
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.
O, İsrail tərəfindən Qəzza zolağının dərhal blokadadan azad olunmasını tələb etdiklərini bildirib: "Biz Fələstində dinc qadın və uşaqların kütləvi şəkildə öldürülməsini qınayırıq. Biz fələstinlilərin hüquqlarının tam şəkildə bərpası və Fələstinin tam olaraq işğaldan azad edilməsi üçün beynəlxalq məhkəmənin qurulmasını istəyirik. Regionda terror təhlükəsi qalmaqdadır, bunun qarşısını almaq üçün əməkdaşlıq, qarşılıqlı hörmət, həmçinin digər ölkələrin hegemoniyadan imtina etməsi önəmlidir".
Zərif qeyd edib ki, İŞİD-ə qarşı aparılan mübarizəyə baxmayaraq, Suriya və İraq hələ də terror qruplaşmalarından əziyyət çəkir.
"Biz regional dialoq üçün təşəbbüs irəli sürürük. ABŞ bu gün beynəlxalq təhlükəsizlik sahəsində öhdəlilklərini yerinə yetirmir. ABŞ-ın nüvə silahının inkişafına 1.2 trillion dollar ayırması yeni nüvə təhlükəsi ilə bağlı narahatlığa ciddi əsas verir", - deyə İran xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
"DM"