21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hikmət Hacıyev Atlantik Şurada çıxış edib

12.06.2019

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən biri olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib, daha sonra Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Morninqstarla söhbəti baş tutub. Tədbirdə əsasən Vaşinqtonda akkreditə olunan diplomatik korpusun nümayəndələri və regionla bağlı araşdırma aparan analitiklər iştirak edib. Tədbirin ictimaiyyət üçün açıq olmasından istifadə edərək tədbirdə, həmçinin xeyli sayda erməni lobbiçilərinin nümayəndələri də olub.
İlk əvvəl C.Kent çıxış edərək Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti barədə danışıb. O, Cənubi Qafqazın əhəmiyyəti barədə danışarkən Azərbaycanı vacib tərəfdaş kimi xarakterizə edib və iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi inkişafın təmini sahələrində uğurla davam edən əməkdaşlıq barədə danışıb. ABŞ rəsmisi son dövrlər iki dövlətin rəsmilərinin səfərlərinin və dialoqunun artmasını münasibətlərin inkişafının göstəricisi kimi vurğulayıb. C.Kent Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına göstərdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycana ABŞ hökumətinin təşəkkürünü çatdırıb. Həmçinin o, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik səylərinə sadiq qaldığını bildirıb və münaqişənin tezliklə həllinin regionda sülh və firavanlığın təmininə imkan yaradacağını vurğulayıb.
Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri R.Morninqstarın moderatorluğu ilə Hikmət Hacıyev ilə söhbət baş tutub. H.Hacıyev Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsi barədə danışıb. Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin göstərdiyi müdrik və təmkinli yanaşmasına baxmayaraq Paşinyan hakimiyyətinin münaqişənin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə bu vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını qeyd edib.
Bu xüsusda H.Hacıyev Ermənistanın təmas xəttində Azərbaycan hərbi qulluqçularının ölümü ilə nəticələnən son təxribatları barədə məlumat verib və bu addımların məhz danışıqlar prosesini pozmağa yönəldiyini qeyd edib. H.Hacıyev Ermənistanın hazırda yaşadığı iqtisadi fəsadları sadalayaraq münaqişənin həllinin ilk növbədə Ermənistan üçün faydalar gətirəcəyini, Ermənistanın bu iflasdan çıxmasının yeganə yolunun münaqişənin həllindən keçdiyini, təəssüf ki, hələlik Ermənistanın və erməni diasporasının bunu anlamadığını bildirib. Həmçinin H.Hacıyev Ermənistanın sülh danışıqlarında iştirak etdiyi dövrdə paralel olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri davam etdirdiyini qeyd edib və beynəlxalq ictimaiyyətin bu məqama daha çox diqqət yönəltməsinin vacib olduğunu vurğulayıb.
Sonda H.Hacıyev auditoriyanın suallarını cavablandırıb. Bu mərhələdə təbirdə kütləvi şəkildə iştirak edən (tədbir ictimaiyyətə açıq olub) erməni lobbiçiləri tərəfindən Azərbaycan nümayəndəsinə təxribatçı suallar ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasətini ifşa etməklə cavab verib.