Bakı Parlament Platforması təsis edildi
12.06.2019
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı və ATƏT PA ilə yaxından əməkdaşlıq çərçivəsində "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı keçirilib.
Tədbirdə ATƏT Parlament Assambleyasının prezidenti Sereteli və Azərbaycan Milli Məclisinin sədr müavini bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Operman, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Bilgiç, hər üç ölkənin deputatları, səfirləri və media nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan aktların qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və enerji sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin hər üç ölkənin paralamentarilərindən ibarət "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nı (Bakı Parlament Platforması) yaratmaqdır.
Konfrans çırçivəsində "Siyasi dialoqun, regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş mexanizmlərin genişləndirilməsi üçün yeni imkanlar” mövzusunda panel müzakirələr də keçirilib. Paneldə Azərbaycan, Almaniya, Türkiyə parlamentarilərinin məruzələri dinlənilib.
Tədbiri millət vəkili, ATƏT PA vitse-prezidenti Azay Quliyev açıb. O, bu tarixi konfransın baş tutması üçün uzun müddət aparılan məsləhətləşmələr, görülən işlər və göstərilən səylərin bəhrə verməsindən məmnunluq ifadə edib. Bu tədbirə ev sahibliyi edən və hər iki tədbirin keçirilməsi təşəbbüsünü dəstəkləyən Azərbaycan Respublikası Milli Məclisinə, spiker Oqtay Əsədova, ATƏT PA Assambleyasına və prezident Sreteliyə təşəkkür edib.
Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.
Onun sözlərinə görə, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqları vıə dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrdir:
"Hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa ölkələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə daha böyük töhfələr verə bilər. Zərərçəkən ölkələrin ərazi bütövlüyünə təhdidlərə qarşı parlamentlərin mövqeyinin ortaya qoyulması vacibdir. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir”.
O deyib ki, Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir:
"Qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq”.