Azərbaycan Rusiyaya NOTA VERDİ
11.06.2019
Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar.
Bu barədə Azərbaycanın bu olkədəki səfirliyindən bildirilib.
Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.
"Bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür", - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.