Çimməyə yararsız ÇİMƏRLİKLƏR
11.06.2019
Lənkəran çimərliklərində dəniz suyunun monitorinqi davam etdirilir.
Dəniz suyunun monitorinqlərində əsas diqqət insanların istifadə etdiyi çimərliklərə yönəldilib.
Xəzərin Lənkəran sahillərində dəniz qumunun sağlamlıq baxımından orqanizmə daha faydalı olması hər il çimərlik mövsümündə bura üz tutanların sayını artırır. Yerli sakinlərlə yanaşı, Lerik, Masallı, Cəlilabad rayon sakinləri də dincəlmək məqsədilə Lənkərana üz tutur.
Çimərlik mövsümünün yaxınlaşması artıq əlaqədar qurumları hərəkətə gətirib. Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əksər məntəqələrdən götürülən suyun fiziki-kimyəvi və bakterioloji analizləri standarta uyğun olsa da, nəticələrə görə rayonun Göyşaban kəndindəki çimərliklərdə dənizə girmək məsləhət görülmür.
Dəniz suyunun analizi çimərlik mövsümü bitənə qədər mütəmadi olaraq aparılacaq. Ayda 4 dəfə, həftədə isə 1 dəfə monitorinqlər keçiriləcək. Lənkəranda yay aylarında sakinlərin dəniz sahilində dincəlməsi üçün təxminən 20-dən çox çimərlik fəaliyyət göstərir. Mütəxəssislər isə əhaliyə FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının nəzarət etdiyi ərazilərdə çimməyi məsləhət görürlər.