Separatçılar Qarabağa toplandı
04.06.2019
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma respublikaların etnik yığmalarının yer aldığı "ConIFA- 2019” adlı geydirmə futbol "turniri”nə start verilib. Azərbaycan tərəfindən dəfələrlə belə bir çempionatın keçirilməsinin yolverilməz olduğu bildirilsə də, separatçı rejim xəbərdarlıqlara məhəl qoymur.
Məsələ ilə bağlı danışan AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla bildirib ki, artıq Azərbaycan tərəfi bununla bağlı müvafiq qurumlara müraciət edib:
"Biz bununla bağlı FİFA və UEFA-ya müraciət etmişdik. Turnirlə bağlı bir neçə dəfə bəyanat vermişik. Separatçı rejimlərin keçirdiyi bu çempionatı FİFA və UEFA onsuz da tanımır. Buna görə də turnirlə bağlı şikayət ediləcək bir instansiya yoxdur”.
Qeyd edək ki, Dağlıq Qarabağ ərazisində qondarma respublikaların etnik yığmalarını özündə birləşdirən "ConIFA-2019” adlı "turnir” iyunun 1-də start götürüb. Yarış iyunun 9-na qədər davam edəcək.