“Toppuş bacı”ya belə dəstək oldular - FOTO
03.06.2019
Xəbər verildiyi kimi, bir müddət əvvəl əməliyyat olunan Əməkdar artist Tünzalə Əliyeva saçını keçəl etdirmişdi.
Aktrisanı tək qoymayan qohumları da ona dəstək əlaməti olaraq saçlarını qırxdırıb. "Toppuş bacı” instaqramda qayınatası, qardaşı və bacısı oğlunun şəklini paylaşaraq bu addımları ilə ona motivasiya verdiyi üçün təşəkkür edib.
"Nə qədər ki, ailəcə bir-birimizin yanındayıq, bir-birimizə çətin anlarda dəstək ola biliriksə, deməli, o qədər güclü oluruq. Allah sizi məndən əskik etməsin”, - deyə T.Əliyeva paylaşımına qeyd edib.
Aktrisanın əri Röyal instaqramda çətin günlər keçirdiyini yazsa da, ümidini itirmədiyini bildirib:
"Bəzən elə istəyirsən ki, hamı səni oyatsın. Və sən oyanasan ki, bütün bu yaşadıqların sadəcə bir yuxu imiş. Amma kimsə bunu etmir və səni oyatmır. Bəzən isə yuxuda olduğunu bilirsən və ayılmaq istəmirsən, amma başının üstündə biri səni dürtə-dürtə ayıldır. Və ayıldığına heç sevinmirsən, istəyirsən yenidən yatasan, bəlkə yuxunu qaldığı yerdən təkrar görəsən, amma bu da mümkün olmur. Arzu etdiklərin deyil, etmədiklərin daha çox təəssüf doğurur. Hər şey istədiyin kimi getmirsə, sən də inadına daima gülümsə, həyatı, insanları və təbiəti sev. Onlar səni sevməsə belə sən yorulmadan sev. De ki, hər şey gözəl olacaq, de ki, çox xoşbəxtəm. De ki, yaxşı ki varam”.
Xatırladaq ki, ötən ay vəziyyəti yenidən pisləşən aktrisa 6 kimyaterapiya, 25 şüa qəbul edəcəyini bildirmişdi.