Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam edən "Pəncə” əməliyyatı nəticəsində ümumilikdə 19 terrorçu məhv edilib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, əməliyyata cəlb olunan "bordo bereli”lər ərazidə kəşfiyyat işlərini böyük həssaslıqla aparır, kustar üsulla düzəldilmiş partlayıcıların zərərsizləşdirilməsindən tutmuş aviasiya hücumları üçün koordinatların müəyyən edilməsinə qədər, müxtəlif vəzifələri icra edirlər. Hakurk bölgəsi ilə yanaşı Metina və Avaşin-Basyan bölgəsi də əməliyyat gedən ərazi sərhədləri daxilində yer alıb.
Əməliyyat çərçivəsində ötən gün piyada qüvvələrin hərəkətinə mane olduğu üçün kəşfiyyat dəstələri və PUA-larla koordinatları müəyyən edilən DŞK mövqeyi ATAK helikopterləri vasitəsilə məhv edilib. DŞK sisteminin həmçinin hava hücumundan müdafiə imkanları daşıması bu əməliyyatın helikopter üçün yüksək riskli olmasına səbəb olub. Lakin türk pilotların göstərdiyi yüksək peşəkarlıq və qəhrəmanlıq sayəsində havadan mühasirəyə alınan mövqe dəqiq zərbələrlə məhv edilib.