Təhsilimizdə problem var
30.05.2019
Sürətli inkişaf nəticəsində 2030-cu ildə dünyada mövcud olan ixtisasların və peşələrin 80 faizinə ehtiyac olmayacaq.
Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov media üçün keçirilən təlimdə çıxışı zamanı deyib. O bildirib ki, gələcəkdə əmək bazarında hansı peşələrə, ixtisaslara ehtiyac olacağını bu gün proqnozlaşdırmaq çətindir:
"Ona görə təhsil sistemi elə baza bilikləri verməlidir ki, gələcəkdə gənclər bazanı inkişaf etdirsinlər. Gəncləri müstəqil fəaliyyət göstərməyə istiqamətləndirməliyik. Aparılan islahatlar bu məqsəd güdür”.
F.Qurbanov təhsil sistemində hələ də bəzi problemlər qeydə alındığını bildirib:
"Təhsil sistemində müəyyən problemlər var ki, bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Cəmiyyəti narahat edən məqam şagirdlərin və müəllimlərin psixoloji durumunda problemin olması ilə bağlıdır və bu, bəzən psixi səviyyə gəlib çıxır. Biz buna həssaslıqla yanaşırıq. Azərbaycan məktəblərində 1 milyon 600 min şagird təhsil alır və hər kəsin özünəməxsus xarakteri var. Tədqiqatlar göstərir ki, uşaq formalaşmış xarakterlə məktəbə daxil olur. Uşağın xarakteri 3-5 yaşda formalaşır.
Ailələr, müəllimlər müxtəlifdir. Hər biri biz istədiyimiz kimi təlimi apara bilmir”.
Nazir müavini qeyd edib ki, orta məktəblərdəki hadisələrə Təhsil Nazirliyi tərəfindən adekvat reaksiya verilir:
"Gərginliyin aradan qaldırılması, məsuliyyətin gücləndirilməsi, təlim-tərbiyə, xüsusi hallarla bağlı qaynar xətt yaradılır, tədbirlər planı həyata keçirilir. Məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz. Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər. Buna görə, bu məsələlərə həssaslıq yanaşmaq lazımdır”.