Andrey: Mxitaryan özünə pampers alsın
29.05.2019
Hazırda İngiltərə Premyer Liqası Avropa futbolunda bir nömrədir. Finalda iki ingilis klubunun olması digər çempionatların bu gün dayanmasının göstəricisidir. Vaxt vardı, ispanlar, italyanlar Avropa futbolunda dominantlıq edirdilər... İndi isə ingilislərdir. Burada qəribə və təəccüblü heç nə yoxdur. Hər şey qanunauyğundur.
Bunu Rusfootball.info-ya "Mançester Yunayted”, "Everton”un, "Mançester Siti”nin sabiq cinah hücumçusu Andrey Kançelskis deyib.
O, müsahibəsində bildirib ki, bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında möhtəşəm oyun olacaq:
"Əminəm ki, yaxşı futbol olacaq. Heç vaxt proqnoz verməmişəm. Komandaların şansları barədə danışsaq, hazırda mənə elə gəlir ki, "Çelsi” daha üstündür. Çünki onlarda bütün xətlərdə balanslaşdırılmış heyət var.
Fikrimcə, onlar qalib gələcək. Ancaq final finaldır. Məncə, oyun penalti seriyasınadək uzanmayacaq, matç əsas vaxtda başa çatacaq. Ancaq istənilən halda yaxşı matç olacaq. Çünki ingilislər açıq futbol oynayır”.
Ukrayna doğumlu, Rusiya millisinin sabiq futbolçusu, hazırda Özbəkistanın "Navbahor” komandasını çalışdıran 50 yaşlı məşqçi "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı suala da cavab verib. O, erməni futbolçunu "qorxaq” adlandırıb:
"Mən bunu başa düşmürəm. Sən kimdən qorxursan? Hansı siyasi münasibətlər? Sən futbol oynayırsan. Get, oyna. Bu, nə cəfəngiyyatdır!
Sadəcə, gülməlidir. Bu, nə sirkdir! Futbol futboldur, siyasət deyil. Get, oyna, göstər ki, heç kimdən qorxmursan. Sənə, ümumiyyətlə, orada nə edəcəklər? Azərbaycan və Ermənistan arasında münasibətlər nə qədər pis olsa da, sən gedib oynamalısan. Sonda sənə heç kim barmağı ilə toxunmayacaq! Ola bilsin ki, fitə basdılar, qışqırdılar... Maradonanı da İngiltərə yığmasına əllə qol vuranda fitə basırdılar. Maradona ki yaşayır! Əgər Mxitaryan belə qorxursa, özünə pampers alsın.
İlya Sımbalar öləndə "Spartak”ın nümayəndələri cənazə üçün Odessaya getməkdən qorxurdular. Qorxurdular ki, onları öldürəcəklər. Onlar açıq şəkildə deyir ki, qorxurlar. Onda da demişdim ki, özlərinə pampers alsınlar. Kim sizə toxuna bilərdi ki? Həmin futbolçu həyatını "Spartak”a həsr etmişdi, amma onlar getmədilər...
Əgər insan istəyirsə, o, özündən asılı olan hər şeyi edir. Əgər qorxursansa, onda etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerində olsaydım, Mxitaryanı peşəkar öhdəliklərini yerinə yetirməməyə görə cərimələyərdim. Avropa Liqasını uduzsalar, onda günahkar Mxitaryandır. Çünki o, Bakıya getmədi və komandasına kömək etmədi”.
Sonda Andrey Kançelskis Madriddə gələn ayın əvvəlləri keçiriləcək UEFA Çempionlar Liqası ilə də bağlı fikirlərini bildirib. O qeyd edib ki, vaxtilə "Everton”da oynadığı üçün "Liverpul”a "düşmən” gözü ilə baxır və "Tottenhem”in qələbə qazanmasını istəyir.
Qeyd edək ki, bu gün "Arsenal” və "Çelsi” final görüşünə çıxacaq. Bakı Olimpiya Stadionundakı görüş saat 23:00-da baş tutacaq.