Dağlıq Qarabağın azərbaycanlı icmasından “Regnum”a cavab
27.05.2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyi "Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerovun atəşkəsin 25 illiyi ilə bağlı səsləndirdiyi fikirlərinə dair bəyanat yayıb.
Bəyanatda deyilir:
"Rusiyada fəaliyyət göstərən və mütəmadi şəkildə Azərbaycanın əleyhinə yönəlmiş qərəzli və ermənipərəst mövqeyi ilə seçilən "Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerovun atəşkəsin 25 illiyinə həsr edilmiş Нагорный Карабах: право на "достойное государственное существование" (Dağlıq Qarabağ: "layiqli dövlət mövcudluğu") başlıqlı "tezisləri” eyni adlı saytda dərc edilmişdir.
Modest Kolerovun "tezislərini” nəzərdən keçirdikdə, bu şəxsin əvvəlcədən sərgilədiyi qərəzli mövqe və Ermənistan-Azərbaycan münaqişəsinə dair göstərdiyi naşı münasibət təəccüb doğurmur. Kolerov "layiqli insan mövcudluğu” tezisindən söhbət açaraq, bu abstrakt fikrini Dağlıq Qarabağ problemi ilə əlaqələndirməyə cəhd göstərir. O iddia edir ki, qondarma "dağlıq qarabağ respublikası”nın "müstəqillik hüququnun” reallaşdırılması üçün onun "layiqli dövlətçiliyinin mövcudluğu” təmin edilməlidir. Özünü informasiya agentliyinin baş redaktoru kimi təqdim edən şəxsə xatırladırıq ki, "Dağlıq Qarabağ respublikası” adlanan qondarma qanunsuz qurumun mövcudluğunun heç bir tarixi, hüquqi və ya digər əsasları yoxdur ki, onun "qorunması və ya təmin edilməsi” ətrafında hər hansı abstrakt müzakirələr aparıla bilsin.
"Layiqli insan mövcudluğu və dövlətçilik” ideyasından dəm vuran Kolerov, Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz torpaqlarından qovulmuş və etnik təmizləməyə məruz qalmış yüzminlərlə azərbaycanlının layiqli insan kimi yaşamaq və mövcud olmaq hüquqlarını məgər görmür?! Kolerov özünü əgər bu qədər ağıllı hesab edərək "insanın ləyaqətli mövcudluğu”na qayğı ilə yanaşdığını göstərmək istəyirsə, onun məhdud çərçivədən kənara çıxaraq daha geniş düşünməsi mümkün olmazdımı?! Yersiz və populist arqumentlər irəli sürən və öz fikirlərinə "ləyaqətli yaşam” tezisləri ilə məsum "donu geyindirməyə” çalışan Kolerov, əslində Ermənistanın təcavüzkar siyasətinə bəraət qazandırmağa cəhd edir. Kolerovun bu "cəhdləri” əslində münaqişə haqqında məlumatı olmayan oxucunu aldatmağa yönəlmişdir. Ancaq, regionu tanıyan və Ermənistan-Azərbaycan münaqişəsi haqqında minimum məlumata malik olan şəxs üçün erməniprərəst müəllifin cəfəng fikirləri istehza doğurur.
Çox təəcüblüdür ki, "baş redaktor” olan bir kəs beynəlxalq hüquq, ölkələrin suverenliyi, beynəlxalq tanınmış sərhədləri, ərazi bütövlüyü, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn qəbul edilmiş norma və prinsiplərini dərk edə bilməmişdir. BMT Təhlükəsizlik Şurası və digər mötəbər beynəlxalq təşkilatların Ernənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdikləri qətnamə və sənədlərini anlamayan şəxsin hansısa "ləyaqət”dən danışması gülüncdür.
Müəllifin digər məntiqsiz bir arqumenti "dağlıq qarabağ respublikasının mövcudluğu” ilə Ermənistanın taleyini müqayisə etməsi və "dqr”-in olmayacağı təqdirdə, Ermənistanın məhvə düçar olacağını iddia etməsidir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə Ermənistanın taleyi arasında əlaqə axtarmaq, heç bir əsası olmayan populist bir fikirdən başqa heç nə deyil. Ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi nəinki Ermənistana təhdid yaratmaz, əksinə, bu ölkənin Azərbaycanla əməkdaşlıq imkanlarından yararlanaraq daha güclü və dayanıqlı inkişaf etməsinə səbəb olardı. Məgər bunu başa düşmək çox çətindir?!
Kolerovun bu fikirləri məhz Ermənistana xələl gətirir və onun gələcək inkişafına maneə yaradır. Azərbaycanın heç kimin topaqlarında gözü yoxdur, ölkəmiz təcavüzkar və işğalçı Ermənistan ordusunun işğal etdiyi ərazilərdən çıxarılmasını tələb edir.
Bəyan etmək istərdik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq tanınmış sərhədlərinin bərpası və işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılmasından keçir. Hər iki icmanın qeyd olunan şərtlər daxilində birgə yaşayışının yenidən təmin edilməsi ilə Modest Kolerov kimilərinin təxribatçı və manipulyativ xarakterli fikirlərinin yayılmasına imkan olmayacaq.
Biz bir daha Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına səslənir və səsimizə səs verməyə çağırırıq. Zaman göstərdi ki, keçən 30 il Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına problemlər, iqtisadi durğunluq, ləyaqətli insan yaşayışından məhrum olmaq və fəlakətdən başqa heç nə bəxş etmədi.
Hər iki icmanın firəvan və ləyaqətli gələcəyi naminə qeyd etdiklərimizi dərk etməyin vaxtı çoxdan yetişib!"