Aİİ-də “Hədis” yarışması keçirilib - FOTO
27.05.2019
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə "Hədis” yarışması keçirilib.
"Dövran Media" Azərtac-a istinadən bildirir ki, müsabiqədə institutun ilahiyyat fakültəsinin tələbələri iştirak ediblər. Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov münsiflər heyətində təmsil olunublar.
Müsabiqə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri açan Aqil Şirinov qeyd edib ki, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi institutun qarşıya qoyduğu vəzifələrdəndir. Bu məqsədlərə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edib, göstərilən yüksək etimadı və inamı doğrultmağa çalışır.
Prorektor vurğulayıb ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmağa imkan verir.
İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə sənətlərinin peşəkarı olmaq üçün daim oxumaq, öyrənmək barədə tövsiyələrini verib. Onların bacarıqlarını nümayiş etdirmələri baxımından bu cür müsabiqə və bilik yarışlarının əhəmiyyətini vurğulayıb.
Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov gənclərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib.Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib.
Yarışmada I yerə İsgəndər İsgəndərov, II yerə Nəbi Məmmədov, III yerə isə Tofiq Feyzullayev layiq görülüb. Qaliblər mükafatlandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması məqsədilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Mən tariximi bilirəm” mövzusunda bilik yarışması, "Gözəl Quran oxuma” müsabiqəsi də keçirilib.