Makqreqor və Nurməhəmmədov döyüşə bilər
22.05.2019
İki fərqli çəki kateqoriyasında UFC çempionu kəmərini daşımış irlandiyalı qarışıq əlbəyaxa idman növləri ustası Konor Makqreqor yüngül çəkidə hazırkı UFC çempionu Həbib Nurməhəmmədovla revanş döyüşünün keçiriləcəyini istisna etməyib.
Nurməhəmmədovla Makqreqor arasında ilk döyüş oktyabrın 6-da Las-Veqasda keçirilmiş və dördüncü raundda rusiyalının danılmaz qələbəsi ilə başa çatmışdı. Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşmüşdü.
Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyərək, altı ay müddətinə diskvalifikasiya etmişdi. Rusiyalı idmançı isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılmış və yarım milyon dollar məbləğində cərimələnmişdi.
"Onu təbrik edirəm, həmin matçı qazanıb, görək növbəti dəfə necə olacaq. Əminəm ki, yenidən üz-üzə gələcəyik. Hər halda bu idmandır, qəddar idman növü olsa da, idmandır. Ona hörmət edirəm, həmin döyüş axşamı mən məğlub olmuşdum", - deyə Makqreqor bildirib.