21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Həyəcan təbili! Ölkədə qız uşaqlarının sayı azalır

21.05.2019

2017-ci ildə Azərbaycanda hər 100 qız uşağına 114 oğlan düşürdü. Təəssüf ki, 2018-ci ildə hər 100 qıza 118 oğlan düşməsi müşahidə edilib.
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyilə jurnalistlər, bloqerlər və vloqerlər üçün "Gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova iki günlük praktik seminarda çıxışı zamanı bildirib.
Aynur Veysəlova bildirib ki, ölkədə qız uşağının azalması ilə bağlı həyəcan təbili çalınır:
"Ailədə qızların sayının azalmasının ailə instituna yaradacaq təsirini müşahidə edirik. Söhbət ondan getmir ki, ailədə oğlan uşağı doğulmasın. Məqsədimiz odur ki, cins nisbəti pozulmasın, cəmiyyətdə qızlara dəyər verilsin. "Üçüncü uşağın qız doğulsa, xəstəxanadan evə gəlmə” qorxusu altında yaşanmasın.
Qadınlar uşaqların cinsiyyəti barədə psixoloji problem yaşamasın. Onlar evdə problem yaşamasın deyə selektiv abort etdirirlər. Bu da sağlamlığa birbaşa ziyandır. Niyə qadınlar xərçəng xəstəsi olur? Çünki selektiv abort qadınlarda xərçəng yaradır. Sonradan doğulan oğlan uşaqları da qüsurlarla doğulur. Stereotiplər qırılsın və problemlər həll olunsun”.
BMT-nin Əhali Fondunun Demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova bildirib ki, son illər Azərbaycanda cins nisbətinin pozulması halları müşahidə edilir ki, bu vəziyyət gələcəkdə əhalinin strukturunda xoşagəlməz nəticələrə gətirir:
"Kişilərin həddən artıq çoxalması ölkədə zorakılıq, kriminogen halların artmasına, gəlin qaçırma, insan alverinin çoxalmasına səbəb olur. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti tərəfindən müxtəlif layihələr həyata keçirilir”.
Mətbuat Şurasının sədri müavini Ümid Mirzəyev bildirib ki, mətbuatda utancverici məqamları bəzən daha çox qabardırlar, qadının üstünə çox gedirlər:
"Kişi ilə qadın eyni hərəkət etsə, qadın daha çox müzakirə edilir, təhqir edilir. Avtomobil idarə edən qadın qəza törədəndə mediada onu gülünc vəziyyətə gətirirlər və daha çox bəzəyirlər. Bu, yolverilməzdir”.
Ümid Mirzəyev qeyd edib ki, Mətbuat Şurasında ortalama 1000-ə yaxın rəsmi şikayət müzakirə edilir:
"Bir o qədər də şikayətləri katiblikdə danışıq yolu ilə həll edirik, rəsmiləşdirmirik. Şikayətlərin böyük hissəsində məlum olur ki, yazılarda kiminsə ailəsi, uşağı, həddi-büluğa çatmamış qız uşağı ilə bağlı xoşagəlməyən yazılar gedir. Bunu yazan müəlliflər arasında xanımlar heç də az deyil. Xanım yazarların özləri bu cür məqamlarda həmcinslərini tənqid edirlər. Bölgələrdə kimsə sayt təsis edir və xanımlara kart verib, qapılara göndərir. Bu cür hallarla jurnalistikaya, mətbuata aidiyyəti olmayan adamlar yoldan çıxarılır, onlar mətbuatın adına ləkə gətirirlər”.
Qeyd edək ki, layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etmək olub. Təlim Avropa İttifaqının dəstəyilə keçirilib.
Seminarda gender ayrıseçkiliyi, gender əsaslı zorakılıq kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə edilib. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər verilib.