Avroviziya təmsilçimiz Çingiz Mustafayevin dünənki çıxışı zamanı izləyicilərə təqdim olunan xareoqrafiya dərin fəlsəfə əsasında qurulub.
Bu sözləri açıqlamasında Akademik Milli Dram teatrının rejissoru Əlif Cahangir deyib. O, Ç.Mustafayevin səhnə performansı zamanı nümayiş olunan xareoqrafiya vasitəsilə dünyaya, insanlığa əhəmiyyətli bir mesaj ötürdüyünü söyləyib:
"Bu il Azərbaycan Çingizin simasında və rejissorun quruluş verdiyi ümumi səhnə performansı ilə bütün Avropanın diqqətini həm bir ölkə olaraq özünə, həm də bir insan qəlbinə çəkdi. Təbii ki, dünənki çıxışın dramaturji tərəflərinə biz bir o qədər də diqqət yetirməmişik, amma əminəm ki, Avropa bu çıxışı çox gözəl təhlil edib.
Rejissorun səhnə quruluşunda ürək üzərində sanki bir əməliyyat aparılırdı. Qəlbin təmizlənməsi prosesini izləyirdik. Çin fəlsəfəsinə görə, həyatın məqsədi qəlbin vəzifəsidir. Qəlblər təmizlənməsə, ürək genişlənməz, böyüməz. Bir çox dini inanclara görə isə qəlb ruhun yuvasıdır. Bu gün dünya sevgi aclığını yaşayır. Ətraf aləmdən - bitkilərdən, həşəratlardan tutmuş, göydəki ulduzlara qədər gördüyünüz hər bir canlının sevgiyə ehtiyacı var. Sevginin mənbəyi isə qəlbdir. Ona görə də biz rejissorun quruluş verdiyi səhnə performasında öncə səhnənin əməliyyat masası hissəsində təmizlənməkdə olan qəlbin əməliyyatdan sonra arxa ekranda genişlənməsini, sonra isə zərrələrə bölünüb bütün kainata axmasını görürük. Finala yaxın Çingiz (Səhnədə Çingiz insanların ümumiləş bir obrazı idi) materialist həyat tərzindən, düşüncədən, nəfsi ehtiyaclardan qopub mənəvi yüksəlişə qədəm qoyur. Bu, finala yaxın baş verir. Çingiz bir göz qırpımında fəzaya doğru ucalır, sonra geri dönüb səhnənin önündə tamaşaçıya daha yaxın məsafədən onlara, yəni bütün insanlığa, bəşəriyyətə sevgi paylayır”.
Qeyd edək ki, ötən gün İsrailin paytaxtı Təl-Əvivdə Avroviziya-2019 mahnı müsabiqəsinin ikinci yarımfinalında "Truth" (Həqiqət) mahnısını ifa edən təmsilçimiz Çingiz Mustafayev finala vəsiqə qazanıb.