Zelenskinin planları alt-üst oldu
17.05.2019
Ukraynanın Xalq Cəbhəsi Partiyası Ali Radadakı koalisiyanı tərk etdiyini açıqlayıb.
Bununla da partiya parlamentin vaxtından əvvəl buraxılmasının qarşısını alıb.
"Biz mövcud koalisiyanı tərk etdiyimizi, onun fəaliyyətinin 17 may 2019-cu ildən etibarən başa çatdığını və yeni gündəmə uyğun yeni koalisiya yaradılması təşəbbüsü ilə çıxış etdiyimizi bəyan edirik”, - partiyadan bildirilib.
Ukrayna Konstitusiyasına əsasən, koalisiyanın mövcudluğunun başa çatmasının elan edilməsindən sonra millət vəkillərinə yeni çoxluğu formalaşdırmaq üçün 30 gün vaxt verilir. Əgər bir ay ərzində Ali Radada koalisiya formalaşdırılmasa, bu zaman prezident parlamentin səlahiyyətlərinə vaxtından əvvəl son qoymaq hüququna sahib olur. Bununla yanaşı, Konstitusiya parlament seçkilərinə 6 aydan az müddət qaldığı halda parlamentin buraxılmasını qadağan edir.
Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri 2019-cu ilin oktyabrında keçirilməlidir. Beləliklə, Zelenski artıq Ali Radanı buraxa bilməyəcək.