Saakaşvilinin arvadına hücumlar artır - Provokasiya
16.05.2019
Gürcüstanın Zuqdidi şəhərinin bələdiyyə sədrliyinə namizəd olan Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa qarşı növbəti provokasiyaya yol verilib.
şəhərdə seçiciləri ilə görüşü zamanı naməlum şəxslər "Mersedes” markalı avtomobili kütlənin içinə sürüblər. İnsident nəticəsində xəsarət alan olmayıb.
Bundan sonra seçicilərinə müraciət edən Rulovs böyük məsuliyyət daşıdığını bildirib:
"Avtomobil gəldi və böyük sürətlə kütlənin içinə daxil olmaq istədi. Burada nə qədər uşaq olduğunu görürsünüz? Əgər bu körpələrdən birinin başından bir tük əskik olsaydı, mənim hansı situasiyada olacağımı başa düşürsünüz? Bu mənim üçün böyük məsuliyyətdir”.
Hadisə yerində olan insanlar isə bunun təşkilatçılarının Gürcü Arzusunun aktivistlərinin olduğunu deyiblər. Onlar partiyanın bununla qarşıdurmanı alovlandırmaq istədiyini bildiriblər.
Qeyd edək ki, bu, Rulovsa qarşı ilk insident deyil. Bir neçə gün əvvəl Zuqdididə "Odişi” televiziyasına müsahibəsi zamanı Rulovs və jurnalistlər hücuma məruz qalıblar. Hücum edənlər jurnalistlərə güc tətbiq etməklə bərabər, Rulovsu təhqir ediblər.