Ebola qurbanlarının sayı artır
11.05.2019
Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından bəri Ebola virusu səbəbindən 1100 nəfərdən çox insan həyatını itirib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. "2019-cu il mayın 10-na olan məlumata görə, ölkədə Ebola virusuna 1649 yoluxma halı qeydə alınıb və onlardan 1561-i təsdiqini tapıb. Virusun törətdiyi xəstəlikdən 1105 nəfər həyatını itirib, 444 nəfər isə müalicə olunub”, - deyə məlumatda bildirilir.
Yoluxucu Ebola virusu insanlarda və bəzi heyvan növlərində rast gəlinən kəskin infeksiya xəstəliyinə səbəb olur. 2015-ci ildə Qərbi Afrikanın əsasən üç ölkəsində - Qvineya, Serra-Leone və Liberiyada tüğyan edən virus 13 min insanın həyatına son qoymuşdu.
Konqo Demokratik Respublikasında hazırkı Ebola epidemiyası 2018-ci ilin iyul ayında başlayıb.