Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün səhər saatlarından başlayan "Bakı Marafonu 2019”un qalibi müəyyənləşib.
"Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunun qalibi böyük iradə və əzmkarlıq nümayiş etdirən uqandalı İsmail Senyange olub.
İranlı Məhəmməd Cəfər Moradi finişə ikinci, azərbaycanlı Elman Abışov üçüncü çatıb. Qadınlar arasında isə ukraynalı Valentina Poltavska hamını qabaqlayıb. Şotlandiyalı Suzanna Matonti ikinci yerə, azərbaycanlı Ayna Yusibova isə üçüncü yerə sahiblənib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il təşkilat komitəsi onlar üçün xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylenddə unudulmaz tətil yaşayacaqlar. Korporativ iştirakçılar isə İstanbul marafonuna qeydiyyat və gediş-dönüş bileti qazanacaqlar.
Marafon iştirakçısı olan Azərbaycan vətəndaşlarına isə bir neçə nominasiyada mükafatlar təqdim olunacaq. Qadın və kişi kateqoriyası üzrə finiş xəttini keçən ilk Azərbaycan vətəndaşları Gürcüstanda təşkil olunacaq "Wings for Life World Run 2020” marafonunda iştirak edəcək. Bundan əlavə, finiş xəttini ilk keçən 50 yaşdan yuxarı Azərbaycan vətəndaşları (qadın və kişi kateqoriyası üzrə), həmçinin finişə çatmış ilk 5 azərbaycanlı xanım müxtəlif hədiyyələr qazanacaq. Finiş xəttini ilk keçən maraqlı kostyumlu marafonçu, 10 xarici marafonçuya da mükafatlar veriləcək. Həmçinin martın 4-dən mayın 1-dək marafonda iştirak üçün qeydiyyatdan keçənlər arasında lotereyanın qalibi olmuş iki nəfərə hədiyyə təqdim olunacaq. Bunlardan əlavə, finiş xəttini keçən ilk 1000 iştirakçı "Bakı Marafonu-2019”un xüsusi medalı ilə təltif ediləcək.