Skoliozu vaxtında necə aşkar etməli?
04.05.2019
Azərbaycanda təxminən hər 1000 nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyi vaxtında müəyyən etmək elə də asan deyil. Bir çoxu yalnız vücudu əyildikdən və ya donqarlaşdıqdan sonra skolioz olduğunun fərqinə varır.
Skolioz - onurğa sütununun əyriliyi deməkdir. Uşaqlar yeniyetmə dövrünə çatanda çox sürətlə böyüyür və bu zaman onurğadakı ən xırda əyrilik də eyni templə irəliləyir. Həkimlər deyirlər ki, hər uşaq ən azı 2-3 yaşında skolioza görə mütləq müayinə edilməlidir. Uşaq məktəb yaşına çatanda isə valideynləri onun skolioz olub-olmamasını adi gözlə də müəyyən edə bilərlər.
Nəyə diqqət etməli?
Əyriliklər, əsasən, döş və bel nahiyələrində müşahidə olunur. Ən birinci çiyinlərə diqqət edilməlidir. Əgər çiyinlərdə tarazlıq olmasından şübhələnirsinizsə, mütləq həkimə müraciət edin. Bundan başqa, uşağın kürəyinə fikir verin. Nəzərə alın ki, bu gün görünməyən qüsur 2 gün sonra üzə çıxa bilər. Eyni zamanda kürək sümükləri, bud-çanaq oynağı da skoliozdan xəbər verə bilər. Əgər bu sümüklərdən hər hansı biri aşağıdısa, demək narahatlığa əsas var. Bel xətti də müntəzəm olaraq nəzarətdə olmalıdır. Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır. Ön tərəfdən isə "qabırğa donqarlığının" əmələ gəlib-gəlməməsi diqqətdə saxlanılmalıdır. Belə hallarda bir qol digərindən uzun görünür. Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyinə də fikir verin.
Skoliozun vaxtında müəyyən edilməsi müalicəsini xeyli asanlaşdırır. Sümüklərin deformasiyası vaxtında əməliyyat, yaxud müalicə olunmazsa, əyrilik özünü get-gedə daha qabarıq göstərir. Nəzərə almaq lazımdır ki, skolioz yalnız bədənin deformasiyasına deyil, eyni zamanda orqanizmdə bir sıra orqanların patoloji dəyişikliklərinə səbəb olur.
Skoliozun dərəcələri
Həkimlər skoliozu 4 dərəcəyə bölürlər:
1-ci dərəcəli - 0-10° dərəcə
2-ci dərəcəli - 11-30° dərəcə
3-cü dərəcəli - 31-60° dərəcə
4-cü dərəcəli ->61° dərəcə
Yeniyetməlik dövründə onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin irəliləməsini vaxtında aşkar etmək mümkündür.
Müalicə üsulları
Həkimlər skoliozla bağlı diaqnoz qoyduqdan sonra xəstəliyin dərəcəsi ilə bağlı müxtəlif müalicə metodları tətbiq edilir. Əgər xəstəlik 1-ci dərəcədirsə, bu zaman xəstələr müşahidəyə alınır, 6 ayda bir yoxlanılır, bu dövrdə üzmək və pilates tövsiyə edilir.
2-ci dərəcəli xəstəlik zamanı xüsusi korsetlər geyindirilir.
3-cü və 4-cü dərəcə müşahidə olunubsa, cərrahi müalicələr aparılmalıdır. Xəstəliyin dərəcəsinə baxaraq, bir və ya bir neçə əməliyyatlar keçirilə bilər.
Diqqət!
Valideynlər bilməlidirlər ki, övladlarında skolioz yoxsa belə, sonradan qazana bilər. Buna da çox halda ağır məktəb çantaları səbəb olur. Həkimlər qeyd edirlər ki, ağır çantalar hər iki kürək sümüyünü içinə alan şəkildə daşınmalıdır. Bir çiyində və bir qolda daşınan çantalar onurğaya zərər verir. Əgər uşağın duruşu ilə bağlı pozğunluq varsa, kürək çantaları qəti qadağan edilir. Onlar yalnız təkərli çantalardan istifadə etməlidirlər.