İran: ABŞ-la müharibə qaçılmazdır - ŞƏRH
04.05.2019
İranla ABŞ arasında vəziyyət həqiqətən gərgindir.
Bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ABŞ-la müharibənin qaçılmaz olması haqqında söylədiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu Axar.az-a deyib. O bildirib ki, İranla ABŞ arasında toqquşma ehtimalı var:
"ABŞ tək İrana qarşı sanksiyalar tətbiq etmir. Bundan sonra İrandan neft alan ölkələrə qarşı da sanksiyalar tətbiq ediləcək. Düzdür, hələ mexanizm işə düşməyib. Amma hər halda, ABŞ bunu elan edib. İrandan da bəzən səslər eşidilir ki, neftin satışına qadağalar sərtləşsə, Hörmüz boğazını bağlayacaqlar. Belə olan halda ABŞ öz hərbi gəmilərini boğaza tərəf yönəldə bilər. Bu da münaqişəyə səbəb ola bilər. Amma İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin də qeyd etdiyi fikir ondan xəbər verir ki, İran məsələni danışıqlar yoluyla həll etməkdə maraqlıdır. Lakin burada gərək hər iki tərəf geri addım atsın. İndiki şəraitdə ABŞ-ın sanksiyalardan geri çəkildiyi müşahidə olunmur. Düşünürəm ki, sanksiyalar davam edəcək. Amma toqquşma riski qalır”.
Politoloq qeyd edib ki, İranda islahatçılar məsələnin danışıqlar yoluyla həllinə tərəfdardır, mühafizəkarlar isə sərt addımlardan yanadır:
"ABŞ-da da həmçinin: orada da daha sərt siyasətdən yanadırlar. Hər iki tərəf də hakimiyyətə nəzarət etdiyindən, bölgədə toqquşma ehtimalı az deyil”.
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-la İran arasında kontaktın əvvəlki kimi olmadığını və müharibənin qaçılmaz olduğunu bildirib.