Venesuela müxalifətinin lideri Xuan Quaido Prezident Nikolas Maduronun devrilməsinə hazırlanmış "Azadlıq” əməliyyatının finalının başladığını elan edib.
Bu barədə Quaido özünün Tvitter səhifəsində məlumat yayıb."Venesuela xalqının talan edilməsinin sonu çatdı. Hazırda mən "Azadlıq” əməliyyatının final fazasının nə anlama gəldiyini başa salmaq üçün bizim silahlı qüvvələrimizin əsas birləşmələri ilə görüşürəm”, - Quaido bildirib.
O, hazırda Venesuela ordusunun əsas birləşmələri ilə görüşdüyünü bildirib. Quaido ordunun doğru qərar qəbul etdiyini bildirib. Quaido videomüraciət də yayıb və Venesuela xalqını hərbçilərlə birgə üsyana qalxmağa səsləyib.
"Röyter” agentliyi Quaidonun hazırda paytaxt Karakasda yerləşən La Karlota aviabazasında olması haqqında məlumat yayıb.
Venesuelanın İnformasiya naziri Xorxe Rodriqos isə hazırda Venesuelada dövlət çevrilişinə cəhd göstərildiyini təsdiqləyib. O, Quaido tərəfdarlarını satqın adlandırıb.
Müdafiə naziri Vladimir Padrioni isə Silahlı Qüvvələrin tam tərkibdə hökumətin tərəfində olduğunu bəyan edib.