Politoloq: "Kremlin qanunsuz istəyini yerinə yetirsək .... sayı artacaq”
30.04.2019
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri ən yüksək inkişaf dövrünü yaşayıb. Saakaşvili həmişə Azərbaycan haqqında ancaq müsbət fikirlər söyləyib. Saakaşvilinin dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi. Bütün bunlar indi yaşanır.
KİV-in məlumatına görə, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu Mixail Saakaşvilinin Rusiya Prezidenti Vladimir Putinin onu ölkəyə buraxmaması üçün bir sıra ölkələrə, o cümlədən Azərbaycana təzyiq etməsi barədə son açıqlamasını şərh edərkən deyib. Politoloq bildirib ki, Mixail Saakaşvili prezidentlikdən getdikdən sonra da dəfələrlə Bakıda olub, müxtəlif konfranslarda iştirak edib, Prezident İlham Əliyevlə görüşüb:
"Saakaşvilini xanımı da Bakıya gəlib, kitabının təqdimatını keçirib. Saakaşvili Putinin əsas düşmənlərindən sayılır. Ancaq Putin istəyir deyə, Sakaşviliyə Azərbaycanın qapılarının bağlandığı da yanlış olardı. Kremlin Azərbaycanın daxili işlərinə qarışmağa, Bakıya kimi çağırıb, kimi çağırmamaq kimi "tövsiyə” verməyə haqqı yoxdur. Torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən erməni rəsmilərin Moskvaya mütəmadi dəvətləri bizim də xoşumuza gəlmir. Ancaq bizdən kimsə buna görə Rusiyaya mesaj göndərmir ki, onu qəbul etməyin. Odur ki, Saakaşvili də rahatlıqla Bakıya gəlmək imkanına malik olmalıdır. Kremlin qanunsuz istəyini bir dəfə yerinə yetirsək, iştahının və növbəti "istəklərinin” sayı artacaq”.