Azərbaycan və Türkiyə ordusunun birgə təlimi erməniləri qorxuya salır
30.04.2019
Bir neçə gün Azərbaycan və Türkiyənin ordu birləşmələrinin növbəti birgə təlimləri keçiriləcək.
Azərbaycanda keçiriləcək hərbi təlimlər 1-3 may tarixini əhatə edəcək. "Mustafa Kamal Atatürk – 2019” şüarı ilə keçiriləcək təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.
Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilir. Təlimlərin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçiriləcəyi qeyd edilir.
Keçiriləcək təlimlər Ermənistanda narahatlıqla qarşılanıb. Erməni ekspertlər hesab edirlər ki, ad açıqlanmasa da, təlimlərin hədəfi Ermənistandır.
Erməni şərhçi Aram Sarkisyan bu təlimlərin hədəfinin nəzəri baxımdan Ermənistan olduğunu və Dağlıq Qarabağ məsələsində hərbi təzyiqin edildiyini iddia edib.O, məsələ ilə bağlə Rusiyanın erməniyönümlü ekspertlərinə müraciət edib.
Moskvanın MDB İnstitunun direktor müavini Vladimir Yevseyev iddia edir ki, bu təlimlər təkcə Ermənistan yox, Rusiya maraqlarına qarşı da yönəlib."Ermənistan-Rusiya münasibətləri Ermənistanla hərbi münaqişəyə icazə vermir. Bunu Türkiyə də anlayır. Əgər Ermənistana hücum olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edəcək”, - deyə Yevseyev bildirib.
Hərbi ekspert Aleksandr Xramçik də hesab edir ki, Ermənistana qarşı hərbi addımlar KTMT-nin prosesə qoşulması ilə nəticələnə bilər."Rusiya və Türkiyə münasibətlərini inkişaf etdirir, lakin Suriya və digər regionlardakı əməkdaşlıq Qafqaza aid deyil. Ermənistana qarşı hərbi addımlara KTMT cavab verəcək”, - deyə o bildirib.
Xramçik Türkiyə və Azərbaycanın hərbi müttəfiq olduğunu və belə təlimlərin təbii olduğunu vurğulayıb.
Lakin erməni şərhçi Aram Sarkisyan Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin Ermənistan üçün böyük təhlükə olduğu qorxusunu dilə gətirir.