Trampa inanılmaz jest: Tehran çətinə düşüb
27.04.2019
İran ABŞ qarşısında güzəştə getməklə özü üçün olan təhlükəni sovuşdurmaq və hakimiyyəti qoruyub saxlamaq fikirindədir.
Bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin son vaxtlar mətbuata verdiyi açıqlamarı şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, İranla ABŞ arasında gizli danışıqlar prosesi başlayıb:
"Artıq bir çox mətbuat orqanları da, xüsusilə də "Vaşinqton Post” gizli mənbəyə söykənərək məlumat yaymışdı ki, İran tərəfi əvvəllər imzalanmış nüvə sazişini yenidən Amerikada müzakirə etməyə hazırdır. Yəni göz qabağındaydı ki, Amerika İranı tamamilə çökdürmək niyyətindədir və üstəlik müharibə də istisna edilmir. Neft üzərinə qoyulan embarqo nəticəsində İran çox böyük itkilərə məruz qalıb. Yalnız bir neçə dövlət müvəqqəti olaraq İrandan neft alır ki, onlar da yaxın vaxtlarda özlərinə alternativ neft mənbələri tapdıqdan sonra bu ticarəti dayandıracaq. Üstəlik, ABŞ Səudiyyə Ərəbistanı neftinin qiymətlərini aşağı salmağa nail olub. Ola bilsin ki, bundan sonra neftin qiymətlərində davamlı eniş müşahidə edilsin. ABŞ-ın gördüyü bütün addımlar İranın maliyyə qaynaqlarının çökdürülməsinə, ölkədəki ziddiyətlərin artırılmasına, büdcə gəlirlərinin böyük həcmdə azadılmasına, İranın milli pul vahidi realın çöküşünə xidmət edir. Artıq İranda əhalinin maddi rifahı aşağı düşür, iş yerləri ixtisar olunur, istehsal müəssisələrinin gücü isə xeyli azalır. Bununla yanaşı, ölkədə mərkəzdənqaçma meyilləri hərbçilər və dövlət qulluqçuları arasında genişlənir. Nüvə silahı sahəsində çalışan bəzi alimlər, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərlərindən biri məxfi sənədlərlə ölkədən qaçıb. Artıq İran rəhbərliyi də yaxşı bilir ki, ölkədəki proseslərin belə davam etməsi rejimin çökməsinə gətirib çıxarır. Bu səbəbdən də İran ABŞ-ın tələblərinə cavab vermək məcburiyyətində qalır. Hətta bəzi məlumatlara görə, Avropa ölkələrinin birində İranın nümayəndə heyəti bu istiqamətdə gizli danışıqlara başlayıb. Danışıqların əsas mövzusu nüvə silahının tamamilə ləğv edilməsi, ballistik raket istehsalından tamamilə imtina edilməsi, İranın Suriyadan və İraqdan qoşunlarını çıxarması, Hizbullah, HƏMAS kimi təşkilatlara yardımın dayandırılması, bir sözlə, İranın yaxın qonşu ölkələrə terrorizm ixracının qarşısının alınması məsələləri üzərində cəmləşdirilib. Mənim fikirimcə, danışıqlar açıq müstəviyə keçəcək və ola bilsin ki, bu danışıqlar prosesinə Almaniya, Fransa və bəzi Avropa ölkələri də cəlb edilsin. Amerikanın tələblərinə İranın güzəştə getməsi tam aydın olduqdan sonra danışıqlar tam leqallaşacaq və digər Avropa ölkələrinin iştirakı da təmin ediləcək”.
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-ı İranla konfliktə cəlb etdiyini, lakin Trampın belə bir şey istəmədiyini bildirib.