Almaniya Azərbaycanla ticarət dövriyyəsinin artacağına ümid edir
23.04.2019
Almaniya Azərbaycanla ikitərəfli əlaqələrin genişlənməsində maraqlıdır və əməkdaşlığın inkişafı üçün yaxşı perspektiv görür.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında deyib.
O bildirib ki, ikitərəfli əməkdaşlıq bir çox istiqamətlər üzrə inkişaf edir: "2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard avro təşkil edib və bu göstəricinin gələcəkdə artacağını düşünməyə hər cür əsas var".
Səfir qeyd edib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır:
"Almaniya "Cənub Qaz Dəhlizi" layihəsini tam dəstəkləyir və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı qismində çıxış etməsini alqışlayır. Azərbaycan bu gün iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir və bu amil Almaniyada maraq doğurur".