Deputatlar İTV üçün seçim edəcək
22.04.2019
Sabah Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.
Əvvəlcə iclasın gündəliyinə 17 məsələnin daxil edilməsi nəzərdə tutulsa da, sonradan daha iki məsələ əlavə olunaraq, 19-a çatdırılıb.
Yeni əlavə olunan məsələlər "Əmək pensiyaları haqqında” və "Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələridir.
Bu dəyişikliklərə əsasən, kəşfiyyat və əks-kəşfiyyat hərbi qulluqçularının pensiyalarının artırılması nəzərdə tutulur.
Gündəliyə daxil olan məsələlər arasında "İctimai Televiziya və Radio (İTV) Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında”, "Qiymətli kağızlar bazarı haqqında”, "Standartlaşdırma haqqında” və sair qanunlara, o cümlədən, Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.
Millət vəkilləri İTV-nin Yayım Şurasının boş qalmış üç yerinə yeni üzvlər seçəcəklər.
Qeyd edək, həmin yerlərə beş nəfərin namizədliyi irəli sürülüb.
Xatırladaq ki, aprel ayında sonuncu plenar iclasının ayın 30-da keçirilməsi gözlənilir.