19 yaşlı azərbaycanlıya fantastik təkliflər
22.04.2019
Dünyaca məşhur universitetlərdə təhsil almaq hüququ qazanan 17 yaşlı tələbəmiz Yasin Qarayev kimi uşaqlarımız az deyil. Hələ ötən il 19 yaşlı Cavid Əlizadə Böyük Britaniyada İmperial Kollecinə, London Universitet Kollecinə qəbul olub, ABŞ-ın Lafayette Kollecindən 74 min dollar tam təqaüd təklifi alıb.
Bu barədə məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu paylaşıb.
O bildirib ki, Cavid orta təhsilini Böyük Britaniyanın Kardif Sikst Form kollecində alıb:
"Cavid Əlizadənin 19 yaşı var. 2018-ci ilin dekabrında keçirilən SAT imtahanından 1550 bal (maksimum 1600-dür) toplayıb. Bundan sonra Böyük Britaniyanın İmperial Kolleci (dünya sıralaması - 8), London Universitet Kolleci (dünya sıralaması -10), Ekzer Universiteti (dünya sıralaması - 154), Avstraliyanın Monaş Universiteti (dünya sıralaması - 59), Türkiyənin Koç Universiteti, ABŞ-ın Alabama Universiteti (30 min dollar təqaüd), Lafayette Kollecinə (tam təqaüd - 74 min dollar) qəbul alıb.
ABŞ-ın dünyaca məşhur Yel Universiteti (dünya sıralaması - 15), Kolumbiya Universiteti (dünya sıralaması - 16) və Emerst Kolleci onu ehtiyat siyahısına salıb”.
İqtisadçı bildirib ki, belə savadlı, istedadlı gəncləri tanıtmaq lazımdır:
"Belə təqdimatlar yaxşı örnəklər yaradır, gəncliyə stimul verir, onları ruhlandırır, daha yaxşı nəticələrə sövq edir. Eyni zamanda cəmiyyət də görür ki, Azərbaycanın gələcəyi olan işıqlı gənclik yetişir və bu da hər birimizdə gələcəyə inam və ümidi artırır. Odur ki, gəlin belə gəncləri tanıyaq və bu məlumatı paylaşmaqla onları tanıdaq”.