Naxçıvanda dövlət qulluqçuları and içiblər
19.04.2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2018-ci il noyabrın 5-də elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək deyib: Bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə əhatələnib. Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması muxtar respublikada məşğulluq strategiyasının həyata keçirilməsinə öz müsbət töhfəsini verib. Belə ki, komissiya tərəfindən 2011-ci ildən bu günədək keçirilən 17 müsabiqədə 5529 namizəd iştirak edib, onlardan 1144-ü müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının 39,6 faizi komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanıb və onlar müasir dünyagörüşə, qanunvericilik və informasiya texnologiyaları üzrə biliklərə, habelə məntiqi düşüncə qabiliyyətinə malik dövlət qulluqçularıdır.
Bildirilib ki, daxili işlər, ədliyyə, fövqəladə hallar, vergi, gömrük, miqrasiya və prokurorluq orqanlarında xidmətə qəbul üçün elan edilmiş 38 müsabiqədə 1730 nəfərin iştirakı qeydə alınıb.
Dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli diqqətə çatdırıb ki, bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara müsabiqə və şəffaflıq əsasında işə qəbulu üçün hər cür şərait yaradılıb.
Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun şəkildə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içiblər.
Komissiyanın sədri dövlət qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.
Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
Xatırladaq ki, müsabiqəyə 305 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 583 sənəd təqdim olunmuşdu. Müsabiqənin test imtahanları mərhələsində 570 namizəd iştirak edib, 257 namizəd keçid balını toplaya bilib. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 99-u vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul olunmuş 88 nəfər andiçmə mərasimində iştirak edib.