Azərbaycanın ən böyük tibb müəssisəsi
16.04.2019
Bakı Sağlamlıq Mərkəzi son zamanlar fəaliyyətini daha da genişləndirir
Son illər respublikamızın səhiyyə sahəsi yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması müasir avadanlıqlarla təmini genişlənib. Tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar və layihələr nəticəsində əhalinin sağlamlığının qorunmasında və xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilib. Bu məsələdə səhiyyənin prioritet sahələri üzrə qəbul olunan 9 Dövlət proqramı mühüm əhəmiyyət daşıyır.
Nəinki tibbin ən son model texnika və texnologiyalarının tətbiqi, həm də xidmət mədəniyyətinin yüksək səviyyəsi ilə diqqəti cəlb edən Bakı Sağlamlıq Mərkəzi haqqında isə ayrıca söz açmağa dəyər. Buna görə də yolumuzu ölkə əhalisinin daha çox üz tutduğu Bakı Sağlamlıq Mərkəzindən saldıq.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli sərəncamı əsasında inşa edilən, 2014-cü il yanvar ayının 7-də isə açılan Bakı Sağlamlıq Mərkəzi paytaxtın ən böyük tibb müəssisəsidir. 50 min kvadratmetr sahəsi olan mərkəz 550 çarpayılıqdır və ən müasir avadanlıqla təchiz edilib. Burada tibbin son elmi-texniki yenilikləri tətbiq olunur.
Belə mərkəzlərin yaradılması sosial sahəyə diqqətdir
Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılışında son illər səhiyyədə aparılan islahatlar və bunun konkret nəticələrinin ümumxalq əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, bu, müstəqillik dövründə tikilmiş ən böyük tibb müəssisəsidir: "...Bu mərkəzin tikintisi əlamətdar hadisədir. Son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülmüşdür... Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir... Əminəm ki, bu mərkəzdə vətəndaşlara yüksək xidmət göstəriləcəkdir. Əlbəttə ki, bu, həkimlər üçün də yeni iş yerlərinin açılması deməkdir. Əminəm ki, burada işləmək də hər bir həkim üçün xoş olacaqdır. Çünki burada olan şərait dünyanın ən yüksək standartlarına uyğundur. Bu gün Azərbaycan səhiyyə sahəsində, xüsusilə, avadanlıq, təchizat və tikinti işlərində öz standartlarını da təqdim edir”.
Bakı Sağlamlıq Mərkəzinin direktor müavini və baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Elxan Hacıyevlə söhbətimiz də tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün bu müəssisədə yaradılan şəraitlə bağlı oldu. Diqqətçəkən məqamlardan biri odur ki, ən müasir texnika və avadanlığın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə burada tətbiq edilir: "...Ölkəmizdə səhiyyəni dövlət siyasətinin prioritet istiqamətlərinə daxil edən Prezident İlham Əliyev insanların sağlamlığını cəmiyyətin sərvəti hesab edir. Səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır, bu da ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunan yeni tibb mərkəzlərinin yaradılmasına imkan verir. İnsanlara səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də "Sağlam həyat uğrunda” devizi altında keçirilən sağlamlıq aylarıdır. Bütün ölkəni əhatə edən bu cür tədbirlər birbaşa əhalinin sağlamlığının qorunmasına yönəlib”.
İnsanların şəfa üçün daha çox üz tutduğu ünvan
Baş həkim qeyd etdi ki, mərkəzdə müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi xidmətin səviyyəsini yüksəldir: "Bundan əlavə, kompüter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində mühüm rol oynayır. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır. Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən tək dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. Bununla bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələri səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə səhiyyəsindəki problemləri daha yaxşı görməklə ictimaiyyəti onların həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqət və həssaslıqla yanaşmağa çalışır”.
Bu mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb. 3 korpusdan ibarət mərkəzdə 330 çarpayı yerlik xəstəxana, 3 anjo laboratoriyası, 4 kardio-cərrahiyyə əməliyyat otağı, 25 kardiologiya-reanimasiya yatağı, ümumi analiz və bütün növ xəstəliklər üzrə şöbələr fəaliyyət göstərir ki, onlar da dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təchiz olunub. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq olunur. Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompüter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs və digər müasir tibbi aparatlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayır.
Zövq oxşayan səliqə-sahman, sakitlik, nəzarət və nəzakətli bələdçilik...
Bu yeganə sağlamlıq mərkəzidir ki, tibbi personal və digər texniki işçilərini Bakı şəhərinin iki istiqamətindən işə aparıb-gətirmək üçün nəqliyyat vasitəsi də ayrılıb. Əhalinin təsərrüfathesablı bu mərkəzə daha çox müraciətinin səbəbləri məhz bir sıra amillərdir ki, onlar da tibbi xidmətin yeni üsul və vasitələrindən istifadə, eyni zamanda müayinə və müalicənin digər xəstəxanalara nisbətən ucuz olmasından ibarətdir. 550 tibbi kadrın çalışdığı mərkəzin qarşısında duran əsas vəzifə əhaliyə daha sərfəli və keyfiyyətli səhiyyə xidməti göstərməkdir. Burada yaradılan şərait də məhz deyilənləri təsdiqləyir. Mərkəzin ayrı-ayrı korpuslarında ilk növbədə zövq oxşayan səliqə-sahman, sakitlik, vebkameralar vasitəsilə nəzarət və nəzakətli bələdçilik diqqəti cəlb edir. Poliklinikanın xidmət şöbəsinin koordinatoru Şəkər Qasımovanın bu sahədəki təcrübəsi isə yolu buradan düşən hər kəsin onu minnətdarlıqla xatırlamalarına səbəb olur. Xəstələrin, eləcə də tibbi personalın asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan "təbiət guşəsi”ndə bir neçə dəqiqə dincəlmək kifayətdir. Bura dekorasiyalarla elə tərtib edilib ki, sanki ucu-bucağı görünməyən meşəlikdəsən.
Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra bir daha bu qənaətə gəlirsən ki, səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq həyata keçirilən islahatların nəticəsi kimi ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.
Burada yaradılan şərait bir daha göstərir ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial sahəyə daha çox diqqət verilir və bu proses davamlı xarakter alır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, onun səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur.
Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”