Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor
09.04.2019
Son günlərdə baş verənlər, efirdə bu cür hadisələrin ortaya çıxması televiziyada bu vaxta qədərki gedişatın məntiqi davamıdır.
Bu sözləri açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli canlı efirdə müğənni Rüfət Axundovun əxlaqdankənar ifadələr işlətməsi ilə bağlı danışarkən deyib. O, televiziyalarda müşahidə olunan bu kimi halların məsuliyyətsizlikdən qaynaqlandığını bildirib:
"Bu cür laqeydlik, auditoriyanı saymazlıq belə faktları ortaya çıxarır. Bu ona görə baş verir ki, proqramı aparan rejissor, studiyada əyləşən aparıcı və yaxud birbaşa yayımı tənzimləyən səs rejissoru və s. məsuliyyətini yerinə yetirmir. Səs rejissoru studiyanın səsini bağlamalıdır ki, əlavə söhbətlər olmasın. Bunlar elementar şeylərdir, əməl etməyəndə ortaya belə hallar çıxır. Nə qədər ki məsuliyyətsizlik, intizamsızlıq var, təbii ki, belə hallar təkrarlanacaq. Bunun qarşısını almağın yeganə yolu etik intizamı möhkəmləndirməkdir”.
Ekspertin sözlərinə görə, efirə qarşı belə münasibət televiziyaların nüfuzunu aşağı salır:
"Canlı yayımda qeyri-etik davranışları tənzimləmək üçün hansısa əlavə qurumun yaradılmasına da ehtiyac yoxdur. Hərə öz işini görsə, problem həll edilər. Təbii ki, efirə gələn adamın da intizamı olmalıdır. Axı o ifadələr işlədiləndə studiyada operator, kənar işçilər və s. də olub. İnsanlar da bir az özünə məsuliyyətlə yanaşmalıdır. İndi efir o qədər ucuzlaşıb, məsuliyyət o qədər itib ki, çox rahatlıqla hansısa müğənni bu cür vulqar ifadələrdən istifadə edir. Canlı efir mexanizmi nəzarətsiz qalanda belə mənəvi fəlakətlər yaranır. Belə olan halda nəinki o efir, o televiziya kanalı gözdən düşür, bütövlükdə televiziyalara qarşı qeyri-ciddi münasibət yaranır”.
Xatırladaq ki, 4 apreldə müğənnilər Rüfət Axundov və həmkarı Rəşad İlyasov qonaq olduğu Speys TV-nin "Hər səhər” verilişində mahnı ifası zamanı sözləri dəyişdirərək, əxlaqdankənar ifadələr işlədiblər. R.Axundovun ifasında səsləndirilən mahnı fonoqram təqdim edildiyindən, müğənnilər mikrofonun açıq olmasından və söyüşlərin efirə getməsindən xəbərsiz olublar. Sözügedən qalmaqaldan sonra Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) Speys TV-nin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimələnməsi bağlı məhkəməyə müraciət edib.
Həmçinin R.Axundova efir qadağasının tətbiq edilməsini tövsiyə edib.