“Buta Airways” uçuş coğrafiyasını genişləndirir
04.04.2019
Bu il ərzində "Buta Airways” şirkəti bir sıra istiqamət üzrə aviareyslər açacaq. Bu barədə aviaşirkətdən bildirilib.
Şirkətdən qeyd olunub ki, cari ilin mayın 3-də "Buta Airways” Ukraynanın Xarkov şəhərinə birbaşa uçuşlara başlayacaq: "Uçuşlar hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Mayın 16-dan etibarən isə həftədə iki dəfə - cümə axşamı və bazar günləri Ukraynanın Odessa şəhərinə birbaşa uçuşlar təşkil olunacaq”.
Bundan başqa, mayın 16-da Rusiyanın Həştərxan şəhərinə də birbaşa aviareys açılacaq ki, sözügedən marşrut üzrə uçuşlar həftənin bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
"Daha bir yeni istiqamət üzrə uçuşlar iyunun 14-dən etibarən Gürcüstanın Batumi şəhərinə yerinə yetiriləcək. Uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək”, - deyə "Buta Airways”dən bildirilib. /ona/