"Azərbaycan gözəli"ndən heyrətamiz açıqlama
04.04.2019
"Azərbaycan gözəli 2019" yarışmasının qalibi Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyevanın Unikal.org-a müsahibəsini təqdim edirik:
- Modelliklə çoxdan məşğulsunuz, yoxsa bu sahədə yenisiniz?
- Mən dövlət qurumunda işləyirəm, modellik sadəcə olaraq mənim hobbimdir. Bu yarışmaya da maraq üçün qatılmışam.
- Müsabiqəyə kiminsə məsləhəti ilə qatıldınız?
- Modellik mənim uşaqlıq arzum olduğuna görə öz istəyimlə bu yarışda iştirak etdim. Hobbi olaraq kliplərə, filmlərə də çəkilirəm.
- Hansı filmlərə çəkilmisiniz?
- Mən dövlət qurumunda işlədiyim üçün vaxtım bir o qədər də çox deyil. Buna görə də baş rola çəkilmək üçün edilən təklifləri qəbul etmirəm. İstəmirəm vaxtımı boş yerə sərf edim.
- Qalib olandan sonra sizi təbrik edən oldumu?
- Təbrik edənlər çox oldu.Hamı sosial şəbəkədə yazır, zəng edib, təbrik edir.
- Qalib olandan sonra sizi çox müzakirə etdilər. Tənqid edənlərə münasibətiniz necədir?
- Məndə heç vaxt, heç kəsə qarşı paxıllıq olmayıb. Hər kəs öz ürəyinə görə danışır. Mən elə şeylərə fikir vermirəm. Mən onların fikirlərinə hörmətlə yanaşıram.
- Bəs, beynəlxalq gözəllik yarışmalarına qatılımaq istəyirsiniz?
- Azərbaycan gözəli kimi ölkəmizi xaricdə təmsil edə bilərəm. Mən bütün işimi atıb aylarla, günlərlə xarici ölkələrə getsəm bu mənə sərf etməz. Mənim öz işim var.
- Həmçinin sizin müsabiqədə qalib olduğunuza şübhə ilə yanaşanlar da var. Ümumiyyətlə bu qalibiyyət tapşırıqla olub?
- Orada hər sahə üzrə münsiflər var idi. Onlar mədəniyyət, moda və s. sahələri təmsil edirdilər. Bu onların verdiyi qərarıdır. Tapşırıq olsaydı, öz sahəmdə, yəni dövlət qurumunda yüksək vəzifəyə təyin olunardım.