Apple AirPower-dən imtina olundu
04.04.2019
Apple şirkəti naqilsiz AirPower şarj stansiyasını satışa çıxartmaq ideyasından imtina etdi. Bu barədə Techcrunch saytı xəbər verib. Apple şirkəti isə istifadəçilərin bu qədər müddət ərzində sözügedən naqilsiz şarj stansiyasının satışa çıxmasını gözlədikləri üçün onlardan üzr istəyib. Qeyd etmək lazımdır ki, AirPower hələ 2017-ci ildə iPhone X smartfon modelinin təqdimatı zamanı anons edilmişdi. Lakin həmin vaxtdan bəri bu cihaz satışa çıxmadı.
"Dövran Media" technote.az-a istinadən bildirir ki, internetdə yayılmış bir çox məlumat sızıntılarında qeyd olunurdu ki, şirkət sözügedən cihazın hazırlanması mərhələsində bir sıra problemlər ilə qarşılaşıb. Bir neçə müddət bundan öncə isə məlumat yayılmışdı ki, şirkət artıq yaxın zamanda AirPower-i satışa çıxardacaq. Lakin nəticədə şirkət bu cihazdan imtina etməli oldu.
"Edilmiş bütün səylərdən sonra biz belə bir qənaətə gəldik ki, AirPower bizim yüksək tələblərimizə və standartlarımıza cavab vermir. Bu səbəbdən biz bu layihədən imtina etməli olduq. Biz, AirPower-in satışa çıxmasını gözləyən bütün istifadəçilərdən üzr istəyirik. Biz əminik ki, gələcək naqilsiz texnologiyalarındır və biz bu istiqamətdə inkişafımızı davam etdirəcəyik" - deyə Apple şirkəti bildirib.