Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuş həyata keçib
03.04.2019
Yeni açılmış Bakı-Almatı reysi hər iki ölkənin iqtisadiyyatına böyük töhfələr verəcək.
Trend-in məlumatına görə, bunu Almatıda "Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Almatı marşrutu üzrə ilk reysin qarşılanma mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Hava Yolları QSC-nin marketinq, kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov deyib.
Onun sözlərinə görə, birbaşa reysin həyata keçirilməsi Azərbaycan hökümətinin prioritet siyasətlərindən biridir:
"Almatı həm iqtisadi, həm də turizm cəhətdən çox vacib şəhərlərdən biri olduğuna görə bu marşrutun açılması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə bu reys hər iki ölkəyə böyük töhfələr verəcək”.
Fuad Yusifov bununla yanaşı, qeyd edib ki, aprel ayının əvvəli Bakıda daha sonra, 17-19-da Almatıda beynəlxalq turizm sərgisi baş tutacaq: "Ayın 17-si sərgidən sonra AZAL-ın təqdimat mərasimi baş tutacaq. Bu tədbirdə hər iki ölkənin böyük turizm şirkətləri iştirak edəcək və onlar burada öz təkliflərini irəli sürəcəklər”.
Aprelin 2-də "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Almatı-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.
Qeyd edək ki, AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.