50 mindən artıq insan peyvənd olunub
03.04.2019
Bu ilin mart-aprel ayı üçün nəzərdə tutulan plana əsasən, qızılcaya qarşı təmizləyici-immunlaşdırma tədbirləri çərçivəsində 50 mindən çox insana peyvənd vurulub”.
Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
O bildirib ki, peyvəndə cəlb edilənlər 20-40 yaş arasında olan şəxslərdir. Direktor müavininin sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir, gündəlik məlumatlar RGEM-ə daxil olur və Səhiyyə Nazirliyinə ötürülür: "Ötən ilin dekabr və bu ilin yanvar, fevral ayı ilə müqayisədə martda Azərbaycanda qızılcaya yoluxma hallarında azalma qeydə alınıb”.
A.Əliyeva qeyd edib ki, yoluxma halları vaxtında aşkarlandığından indiyə qədər heç bir ağır fəsad baş verməyib.
RGEM rəsmisi qeyd edib ki, ölkəyə gətirilən 160 min vaksin kifayət edir: "Bu ay ərzində də peyvəndləmə işlərinin aparılması üçün təminat var. Əgər əlavə vaksin üçün ehtiyac yaransa, Səhiyyə Nazirliyi yenidən sifariş verə bilər. Ancaq bu gün üçün yoluxma hallarının azaldığını nəzərə alsaq, hələ ki, əlavə sifarişə ehtiyac yoxdur. Hətta hesab edirik ki, kifayət edəcək. Onu da qeyd edim ki, bütün peyvəndlər dövlət hesabına alındığından tam ödənişsizdir”.
O vurğulayıb ki, ölkədə suçiçəyi tək-tək hallarda qeydə alınır və artım müşahidə olunmur.