Moskva bu respublikaya ordu yeritdi
03.04.2019
İnquşetiyanın Maqasda təşkil edilən mitinqlərdə iştirak edən şəxslər 1 apreldən etibarən sorğuya çağırılıblar.
Dövran Media xəbər verir ki, bu məlumatı "Novaya qazeta” yayıb. Bu şəxslər yerli İstintaq Komitəsi yerinə Şimali Qafqaz Federal Dairəsinin Baş İstintaq İdarəsində dindiriliblər. Belə ki, şəxslərin hər biri hakimiyyət nümayəndələrinə qarşı güc tətbiqi maddəsiylə açılan cinayət işi çərçivəsində sorğuya cəlb olunub.
28 martdan etibarən isə İnquşetiyaya əlavə hərbi qüvvələr yeridilməyə başlanıb. Belə ki, Surxaxi, Pliyevo, Ekajevo, Nazran, Maqas şəhərlərində Rusiya Milli Qvardiyasının gücləndirilmiş patrul dəstələri yerləşdirilib. Paytaxt Maqas və ölkənin ən böyük şəhəri Nazranda yeni hərbi düşərgələr formalaşdırılıb.
Qeyd edək ki, martın 26-sı və 27-də İnquşetiyanın paytaxtında genişmiqyaslı mitinqlər baş tutub. Mitinqə səbəb respublika rəhbəri Yunus Bek Yevkurovun referendum haqqında qanuna dəyişiklik təşəbbüsü olub. Təklif olunan dəyişikliyə əsasən, respublika rəhbərliyi gələcəkdə xalqın fikrini öyrənmədən administrativ sərhədləri dəyişmək səlahiyyətlərinə sahib olacaq.
İddialara görə, mitinqdə ümumilikdə 40 minə yaxın insan iştirak edib. Etirazçılar bu dəfə birbaşa Yevkurov və hökumətin istefaya getməsini tələb edib. Bundan sonra Rusiya Milli Qvardiyası ilə etirazçılar arasında toqquşma yaşanıb. Toqquşma zamanı Milli Qvardiyanın üzvlərinin bir qismi əhalinin tərəfinə keçib. Bundan sonra respublikanın Daxili İşlər naziri Dmitri Kava istefaya göndərilib, üstəlik, 17 hərbçiyə qarşı cinayət işi qaldırılıb.