Əxlaqsız videoya görə beş nəfər HƏBS EDİLDİ
01.04.2019
Martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən, məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə, həmin görüntülərdə əks olunan iki kişinin və üç qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib.
İstifadələrində olan "Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunmuş və orada iştirak edən üç qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.