Ərdoğan üçün kritik gün
30.03.2019
Türkiyədə partiyalar hazırda ittifaqlar şəklində bələdiyyə seçkilərinə gedirlər. Həm yerlərdə vahid namizəd sisteminin tətbiq edilməsi, həm də müəyyən mənada sağ və sağ mərkəzçi elektorata xitab etmələri, bu elektoratda müəyyən qədər nüfuzlarının olması baxımından daha şanslı koalisiya MHP-AKP-dir.
Bu sözləri çıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, bir çox amillər onların qələbə şansını artırır:
"Sağ mərkəz düşərgələrdə müəyyən boşluqların olması da bu koalisiyanın namizədlərinin daha çox səs toplaya bilməsi üçün müsbət ortam yaradır. Faktiki olaraq, AKP-MHP koalisiyası əsas nəzarət imkanlarına malikdir”.
Analitik bu seçkilərin nəticəsinin növbəti parlament seçkilərinin nəticələrinə necə təsir edəcəyi ilə bağlı məsələyə də toxunub:
"Əgər bu koalisiya davamlı olsa və sağ düşərgədə alternativ yeni bir qüvvənin yarandığının şahidi olmasaq, belə hesab etmək olar ki, AKP-MHP koalisiyası parlament seçkilərində də qarşıya qoyulan hədəflərə çata biləcək. Amma bütün bunlar mövcud şərtlərdən asılıdır. İlk növbədə sağ mərkəzdə yeni qüvvənin yaranmaması önəmlidir. Digər tərəfdən, AKP-MHP koalisiyasının birlikdə nə qədər yol gedə biləcəyi də çox önəmli məqamdır”.
V.Zifəroğlu Ərdoğanın bu seçkilərdən sonra səs itirmə ehtimalının olması ilə bağlı deyilənlərə də münasibət bildirib:
"Ərdoğanın səs itirmə ehtimalı mümkündür. Amma hazırki dönəmdə sağ və sağ mərkəz düşərgədə boşluqlar bu ehtimalı aşağı salan amillərdir. Ərdoğanın itirdiyi səsi hansı qüvvə qazanacaq? Maraqlısı budur ki, AKP-MHP koalisiyasından səs götürə biləcək alternativ hələlik yoxdur. Buna görə də Ərdoğanın ciddi şəkildə səs itirəcəyi şübhəlidir. CHP əsasən sol və sol mərkəz düşərgəyə xitab edir və sağ mərkəz düşərgədə qəbul olunmur. Sağ mərkəzdə də qəbul edilən avtoritet siyasi düşərgə yoxdur. MHP idi ki, o da hazırda AKP ilə koalisiyadadır. İYİ Partiyası isə ümidləri doğrultmadı. İYİ Partiya layihəsi uğursuzluğa düçar oldu. Buna görə də sağ mərkəz düşərgədə olan boşluq özünü göstərməkdədir”.
Qeyd edək ki, sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.